GS1 Azerbaijan

Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün “Turizmdə ştrixkodlar” adlı Master-klass

27 oktyabr 2026-cı il tarixində Azərbaycan Texnologiya Universiteti (ATU) GS1 Azərbaycan İctimai Birliyi ilə birgə “Turizm” fakültəsinin Turizm işinin təşkili” ixtisasının TIT26R qrup tələbələri üçün "Turizm sənayesində ştrixkodların tətbiqi" mövzusunda onlayn Master-klass təşkil edildi. Master-klass Nəqliyyat və Sənaye Texnologiyaları fakültəsinin Logistika Mərkəzində keçirildi.
Master-klass zamanı tələbələr ştrixkodların və GS1 QR kodlarının turizm sənayesindəki potensialı, rəqəmsal məlumatların verilməsində, turizm xidmətlərinin təşkilində və səyahətçilərlə qarşılıqlı əlaqənin rahatlığının artırılmasındakı rolu haqqında məlumat əldə etdilər. Turizm sektorunun inkişafı üçün beynəlxalq standartların və müasir identifikasiya texnologiyalarının əhəmiyyətinə xüsusi diqqət yetirildi. Master-klassa ATU-nun Mexanika və Nəqliyyat Texnologiyaları kafedrasının texnika üzrə fəlsəfə doktoru Həcər Hüseynzadə və GS1 Azərbaycan İctimai Birliyinin icraçı direktoru Səbinə Əliyeva rəhbərlik etdi. Səbinə Əliyeva öz çıxışında GS1 Azərbaycan şirkətinin fəaliyyəti və iqtisadiyyatın müxtəlif sahələrində biznes proseslərinin səmərəliliyinin və şəffaflığının artırılmasında GS1 beynəlxalq standartlarının əhəmiyyəti barədə danışdı.
Tədbir tələbələrə peşəkar biliklərini genişləndirmək, rəqəmsal texnologiyaların praktik tətbiqi haqqında məlumat əldə etmək və turizm sənayesinin inkişafında beynəlxalq standartların rolunu daha yaxşı başa düşmək imkanı yaratdı. Master-klass dərsində Kompüter mühəndisliyi ixtisasının KM26R qrup tələbələri də iştirak etdilər.
Tədbirin sonunda TIT25R qrupunun tələbəsi Hüseynov Nurlan, KM26R qrupunun tələbələri Emil Hacızadə və Fərid Həsənov mövzu ilə bağlı maraqlı suallar verdilər. Ümumilikdə, master-klass dərsi uğurlu və səmərəli keçdi. 
Bu gün Azərbaycan Texnologiya Universiteti ilə GS1 Azərbaycan arasında əməkdaşlıq akademik və peşəkar icmalar arasında əlaqələri gücləndirməyi, eləcə də gələcək mütəxəssislər arasında müasir texnoloji həllər və beynəlxalq standartlar haqqında məlumatlılığı artırmağı hədəfləyir.
GS1 Azərbaycan beynəlxalq standartlar və onların müxtəlif sahələrdə praktik tətbiqi haqqında biliklərin yayılmasını təşviq edərək təhsil təşəbbüslərini və ali təhsil müəssisələri ilə əməkdaşlığı dəstəkləməyə davam edir.

Fotolar