Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində TK-05-in növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası baş tutub. İclasda 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər, eləcə də sahə üzrə aktual hesab edilən yeni dövlət standartı layihələri geniş müzakirə olunub. Gündəlikdə duran məsələlərdən biri də GS1 Azerbaijan İctimai Birliyinin hazırladığı "QRUP QABLAŞMASININ RƏQƏMSAL İDENTİFİKASİYASI VƏ ETİKETLƏNMƏSİ" layihəsi olub.
Müzakirələr zamanı bildirilib ki, sözügedən standartın təqdim edilməsində əsas məqsəd ölkədaxili logistika və təchizat zəncirlərini beynəlxalq tələblərə uyğunlaşdırmaq, sahə üzrə vahid milli norma və qaydalar formalaşdırmaq, həmçinin məhsulların hərəkətini istehsaldan son istehlakçıya qədər tam şəffaf şəkildə izləməkdir. Qrup qablaşmaların rəqəmsal identifikasiyasının iqtisadiyyat üçün mühüm faydaları da diqqətə çatdırılıb. Qeyd olunub ki, qrup halında yığılan malların tək-tək yoxlanılmasına ehtiyac qalmadan ştrixkodun birbaşa qablaşdırma üzərindən sürətli oxunması və qeydiyyata alınması təmin edilir, bu da anbar əməliyyatlarında səhvləri minimuma endirir, vaxta və xərclərə qənaətə şərait yaradır. Eyni zamanda, xammaldan son məhsula qədər bütün mərhələlərdə təhlükəsizlik və keyfiyyət nəzarətinin güclənməsi saxtalaşdırma hallarına qarşı effektiv mübarizə aparmağa imkan verir, həmçinin yerli istehsalçıların qlobal ticarət şəbəkələrinə inteqrasiyasını sürətləndirir.
İclasda Texniki Komitənin üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılıb və aparılan müzakirələrin yekununda sözügedən dövlət standartının qəbul edilməsi qərara alınıb.
Fotolar

