GS1 sisteminin yeni istifadəçilərinin seminar-prezentasiyası

2 fevral 2019-cu il tarixdə GS1 Azerbaijan Cəmiyyətinin ofisində GS1 sistemin qeydiyyatdan keçmiş yeni istifadəçilər üçün "Ştrixli kodlardan istifadə qaydaları" mövzusunda növbəti seminar-prezentasiya keçirilmişdir.

Seminarda müxtəlif çeşidli məhsullar istehsal edən 20-yə yaxın istifadəçi iştirak etmişdir. Onların arasında, qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, kimyəvi məişət məhsulları, sənaye məhsulları istehsal edən şirkətlər və fərdi sahibkarlardır.

GS1 Azerbaijan əməkdaşları beynəlxalq GS1 sisteminin fəaliyyəti , GTİN və GLN nömrələrinin paylanması prinsipləri, istifadəçilərin www.gs1az.org saytında yerləşən şəxsi kabinetlərindən işləmək və sifarişlərin düzgün doldurulma qaydaları haqqında ətraflı danışdılar.

Seminar iştirakçılarına GS1 standartlarına cavab verməyən ştrixkodları olan məhsullar (ölçüsü, rəngi, yeri, ştrixkodun tipi), məhsulların üzərinə vurulan etiketlərin hazırlanması zamanı mətbəə dizaynerlərinin yol verdiyi tipik səhvlər nümayiş etdirildi.

İştirakçılar GEPİR axtarış sistemi və "GS1 Azerbaijan AZE Barcode" mobil həlli ilə tanış oldular.

Seminarın sonunda ştrixli kodlaşdırma haqqında əsas biliklərin möhkəmləndirilməsi üçün test keçirildi, həmçinin ştrixkod və radiotezlik identifikasiya avadanlığının iş prinsipi nümayiş olundu.

GS1 Azerbaijan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev GS1 sistemində yeni qeydiyyatdan keçən istifadəçilərə Şəhadətnamələr təqdim etdi.

Əvvəlcədən hazırlanmış metodik materiallar paylandı.