Beynəlxalq GS1 logistik etiketləri Azərbaycandan ixrac olunan mallarda

Bu günlərdə GS1 Azərbaycanda logistik kodlar bazasına «Gilan Qəbələ konserv zavodu»nun Avropa ölkələrindən birinə göndərilən ixrac yükü üzrə məlumatlar daxil edilib.

Avropaya göndərilən yük üçün logistik etiketlər SSCC (Serial Shipping Container Code) kodu – konteyner qablaşdırmasının logistik vahidlərin identifikasiyası və palletlərin, altlıqların, konteynerlərin və s. tərkibi haqqında məlumatın operativ şəkildə alınması üçün tətbiq edilən seriya kodu əsasında yaradılıb.

                                                   

Logistik etiketlər artıq uzun müddətdir ki, yüklərin və malların vacib və effektiv markalama metodu kimi qəbul edilib və bütün dünyada məhsul istehsalçıları və yüklərin daşınması ilə məşğul olan şirkətlər tərəfindən geniş istifadə olunur.

Standart GS1 nəqliyyat etiketinin üzərindəki SSCC nömrəsi və logistik vahid haqqında digər məlumat GS1-128 simvolikasının ştrixli kodları ilə verilir. Həmin ştrixli kodda hər hansı məlumatın məzmununu və strukturunu, o cümlədən onların sonradan avtomatlaşdırılmış sistem tərəfindən işlənməsini İstifadə identifikatorları müəyyən edir. Bunun sayəsində GS1-128 ştrixli kodun oxunması zamanı avtomatlaşdırılmış sistem məlumatların növünü və təyinatını müəyyən edə və müvafiq olaraq, onları düzgün işləyə bilər.

Əvvəllər GS1-128 kodları ilə bu cür logistik etiketlər GS1 Azərbaycanda şərab məhsullarının yerli istehsalçısı «Aspi Aqro» şirkəti üçün yaradılmışdır.

Azərbaycanda ixrac məhsullarının artımını nəzərə alaraq, yaxın zamanlarda standart GS1 logistik etiketlərindən istifadə edən yerli yük göndərənlərin sayının artması gözlənilir.