KOBİA-nın dəstəyi ilə “GS1 Azerbaijan” MMC-nin Xaçmazda keçirtdiyi seminar-prezentasiya ilə bağlı

12-13 aprel 2022-ci il tarixlərində Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində “GS1 Azerbaijan” MMC Xaçmaz rayonunda seminar-prezentasiya təşkil etmişdir.

Seminarda Cəmiyyətin baş direktoru V.Əliyev, Layihələr rəhbəri S.Rzayeva, IT bölməsinin rəhbəri F.Abasov, Əmtəə Nömrələmə Depozitariyası müdiri G.Ə.Rəsulova iştirak etmişdir.

Seminarın əsas məqsədi GS1 sistemi haqqında iştirakçıları maarifləndirmək, ştrixkod vasitəsilə inventarizasiyanın mahiyyəti və üstünlükləri barədə məlumat vermək olmuşdur.

“Azhazelnut” MMC, “Xaçmaz Şərab” MMC, “RR Agro” MMC, “Caspian Coast” MMC, “M-Agrofresh” MMC və s. kimi regionun qabaqcıl istehsalçı və ixracatçıları, həmçinin ticarət şəbəkələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda V.Əliyev GS1 sistemi haqqında ümumi məlumat vermiş, G.Rəsulova ştrixkodlardan istifadə qaydalarını izah etmiş,  F.Abasov və S.Rzayeva isə inventarizasiya üçün lazım olan avadanlıqları və ştrixkod vasitəsilə uçot sistemini nümayiş etdirmişlər.

Seminar maraqla qarşılanmış, ştrixkodun ixracdakı istifadəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilmiş, iştirakçılara metodik vəsaitlər paylanmışdır.