9 sentyabr 2024-cü il tarixində Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ət məhsullarının avtomatik identifikasiyası və izlənməsi üçün GS1 sisteminin tətbiqi ilə bağlı görüş keçirilib. Görüşün məqsədi ərzaq təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi risklərinin minimuma endirilməsi ilə bağlı fikir mübadiləsi və müzakirələrin aparılması olub.
Bu gün GS1 sistemi dünyanın bir çox ölkələrində tədarük zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsi üçün kompleks həll yolu kimi geniş istifadə olunur. Bu səbəbdən AQTA tərəfindən GS1 Azerbaijan İctimai Birliyinin mütəxəssislərinə ət təchizatı zəncirlərində təsərrüfat müəssisəsindən istehlakçıya qədər izlənilmə üçün GS1 identifikatorlarının istifadəsi ilə bağlı həll yollarının müzakirəsi üçün görüş keçirilməsini təklif edilmişdir.
Həmin görüşə Avropa hesabatlılıq və davamlı inkişaf strategiyalarının tələblərinə cavab verən izlənilmə sistemlərinin yaradılmasına yönəlmiş həlləri olan “Osapiens” (Avstriya) provayder şirkətinin texniki direktoru onlayn olaraq dəvət edilmişdir. Müzakirə zamanı görüşdə iştirak edənlər tərəfindən çoxsaylı praktiki suallar ünvanlanmışdır.
GS1 Azerbaijan tərəfindən məhsulların izlənilməsində şəffaflığın və nəzarətin təmin edilməsi üçün GS1 sisteminin GCP (İstifadəçinin Qlobal Prefiksi), GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi), GLN (Qlobal Yerləşmə Nömrəsi) kimi əsas identifikatorlarından istifadə edilməsi təklif edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, GS1 sistemi məhsulun geri qaytarılma hallarını asanlaşdırmağa və ət məhsullarının keyfiyyətinə istehlakçı inamını artırmağa kömək edir.
Ət məhsulları üçün izləmə sisteminin yaradılması yollarının müzakirəsi üzrə bu görüşdə AQTA-nın aparat rəhbəri Elxan Mikayılov, GS1 Azerbaijan İctimai Birliyinin İdarə Heyətinin sədri Vəfa Əliyev, Az protein Foods Group-un baş direktoru Nazim Səfərov, Bazarstore MMC, ANC Group MMC (Rahat supermarket), Azərbaycan Supermarket (Bravo) pərakəndə satış şəbəkələrinin nümayəndələri iştirak etmişdir.