7 iyun 2024-cü il tarixində GS1 Azerbaijan İctimai Birliyi 25 illik yubileyinə həsr edilmiş iclas keçirib. Landmark Biznes Mərkəzinin konfrans zalında təşkil edilən yubiley tədbirində 15 ildən artıq müddətdə öz məhsullarını GS1 sisteminin ştrixkodları ilə markalayan 60-dan çox yerli istehsalçı, həmçinin Dövlət Vergi Xidmətinin, Analitik Ekspertiza Mərkəzinin, KOBİA-nın, Azstand və Azpromonun nümayəndələri iştirak etdi.
Birliyin İdarə Heyətinin sədri Vəfa Əliyev tədbirin qonaqlarını salamladı və tədbiri açdıqdan sonra GS1 Azerbaijanın 2024-cü ilin may ayında Romada (İtaliya) keçirilən GS1 Baş Assambleyasında 25 illik yubileyi münasibəti ilə təltif edilməsi videosu təqdim edildi.
Daha sonra Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulova 1999-cu ildən günümüzə qədər GS1 Azerbaijanın 25 illik fəaliyyəti, təcrübələri və gələcək perspektivləri mövzusunda təqdimat etdi.
G.Rəsulova çıxışında Birliyin fəaliyyəti müddətində Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan yerli istehsalçıların 3000-dən çox təşkilatında GS1 standartlarının tətbiq edildiyini, onların 180 000-dək məhsullarına beynəlxalq ştrixkod nömrələrini (GTIN) təyin edildiyini bildirdi. Çıxışda GS1 Azerbaijanın növbəti 10 il ərzində əsas strateji hədəflərinin ikiölçülü ştrixkodların təşviqi, izlənmə, ərzaq təhlükəsizliyi məsələlərinin həllində GS1 standartlarından istifadə, Azərbaycan bazarında yerləşən məhsulların elektron məlumat bazalarının yaradılması, həmçinin gömrük və vergi prosedurlarında GS1 standartlarının tətbiqi üçün normativ-hüquqi bazanın yaradılması kimi mühüm vəzifənin həlli üçün dövlət qurumları ilə əlaqələrin gücləndirilməsi istiqamətində işlərin fəallaşdırılmasının nəzərdə tutulduğu vurğulandı.
GS1 Türkiyədən dəvət edilmiş Baş Əməliyyat Direktoru Cihan Korucunun təqdimatında xətti ştrixkodlardan 2D kodlara keçid yolunda Türkiyədə görülmüş işlər, dərman vasitələrinin izlənməsi, Avropa layihəsi olan alkoqollu içkilərin e-label üçün GS1 modeli barədə ətraflı məlumat verdi.
Növbəti təqdimat Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət edilən “Solvo” Şirkətinin nümayəndələri - Satış və marketinq üzrə direktor Maksim Deberdeev və marketoloq Mariya Skriviçkaya tərəfindən edildi. Onlar, Radiotezlikli identifikasiya texnologiyalarından istifadə etməklə məhsulların uçotu, anbar əməliyyatlarında ştrixkodların rolu mövzusunda ətraflı danışdılar.
İclasda GS1 Azerbaijan ilə 25 illik əməkdaşlığını qeyd edən “Gəncə Şərab-2” ASC-nin nümayəndəsi Elvin Əliyev, “Bakı Şərab 1” ATSC-nin direktoru Mətləb Abbasov, “Aznar” QSC-nin baş direktoru Bəylər Abbasov, “Grand-Mart” MMC-nin nümayəndəsi Sərxan Musayev çıxışlarında Birliklə əməkdaşlıqları, Birliyin gələcək strategiyalarına töhfə verən bir sıra məsələlər barədə danışdı.
Tədbirin sonrakı mərhələsində iştirakçılar arasında GS1 Azerbaijanda qeydiyyatının 15, 20 və 25 ilini tamamlayan aşağıda adları çəkilən üzvlərə sertifikatlar təqdim edildi və iştirakçılarla xatirə şəkilləri çəkildi.
- GS1 Azerbaijan sisteminin 20 illik üzvü olması münasibətilə sertifikat təqdim edildi: “Zaman Ltd” MMC,“Babək Sirab” ASC ,“RəmziS” MMC, “Ləzzət Qida Sənaye” MMC
- GS1 Azerbaijan sisteminin 25 illik üzvü olması münasibətilə sertifikat təqdim edildi: “TAC” MMC, “Gəncə Şərab2” ASC и “Carlsberg Azerbaijan” MMC
Tədbirin sonunda təşkil edilən furşet zamanı bir sıra işgüzar mövzularda söhbətlər aparıldı.