25–26 fevral 2026-cı il tarixlərində GS1 Azerbaijan əməkdaşları ölkənin cənub bölgəsinə – Astara və Lənkəran şəhərlərinə xidməti ezamiyyət çərçivəsində səfər ediblər. Səfərin əsas məqsədi regionda fəaliyyət göstərən istehsal müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, GS1 standartlarının tətbiqi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi və yeni həllərin təqdim olunması olub.
Ezamiyyət müddətində əməkdaşlar “Green Plant” MMC, “Mughan Duyu” MMC, “La Ran” MMC və “Best-Tarım” QSC-nin istehsalat sahələri və anbar kompleksləri ilə yaxından tanış olublar. Müəssisələrdə istehsal prosesinin mərhələləri, məhsulların qablaşdırılması, etiketlənməsi nəzərdən keçirilib.
Keçirilən işgüzar görüşlər zamanı məhsulların etiketlərində istifadə olunan GTIN-lərin beynəlxalq GS1 standartlarına uyğunluğu ətraflı müzakirə edilib, düzgün kodlaşdırmanın həm yerli, həm də ixrac bazarlarında məhsulların identifikasiyası və izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Eyni zamanda qrup qablaşdırma kodlarından (ITF-14 və s.) istifadənin üstünlükləri, logistika proseslərində sürət və dəqiqliyin artırılması, izlənəbilənliyin təmin olunması kimi məsələlər diqqət mərkəzində olub.
Anbar əməliyyatlarının avtomatlaşdırılması üçün müasir həllər, o cümlədən ştrixkod skanerləri və inteqrasiya olunmuş proqram təminatları vasitəsilə ehtiyatların real vaxt rejimində idarə edilməsi imkanları təqdim edilib. Bu yanaşmanın inventarizasiyanın optimallaşdırılması, insan səhvlərinin minimuma endirilməsi və əməliyyat xərclərinin azaldılması baxımından üstünlükləri izah olunub.
Görüşlərdə həmçinin yeni nəsil ştrixkod texnologiyası olan GS1 Rəqəmsal Linklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu texnologiya vasitəsilə istehlakçılar məhsul haqqında geniş məlumatı – mənşə, tərkib, sertifikatlar və digər rəqəmsal məzmunu – birbaşa smartfon vasitəsilə əldə edə bilirlər.
Zavodların istehsalat rəhbərləri və məsul əməkdaşları təqdim olunan yenilikləri böyük maraqla qarşılayıb, xüsusilə rəqəmsal texnologiyaların tətbiqinin müəssisələrin rəqabət qabiliyyətinə müsbət təsir göstərəcəyini qeyd ediblər. Bildirilib ki, yaxın gələcəkdə məhsul etiketlərində GS1 standartlarına tam uyğun yeni nəsil kodlardan istifadənin tətbiqi planlaşdırılacaqdır.
GS1 Azerbaijan tərəfindən bu cür səyyar görüşlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.