Danılmaz faktdır ki, ölkədə ştrixkod sahəsində məlumat çox azdır və sahibkarlar bu sahədə müəyyən çətinliklərlə üzləşirlər. Əlbəttə ki, “GS1 Azerbaijan” İctimai Birliyi öz üzvləri üçün mütəmadi olaraq seminarlar təşkil edir və iştirakçıları kifayət qədər məlumatlandırır. Lakin daha çox hədəf kütləsini əlçatan etmək üçün ştrixkodları tədris planına salmaq Birliyin əsas məqsədi olmuşdur.
Bu səbəbdən də, Birliyin əməkdaşları “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC əməkdaşları ilə görüş keçirmişdir. Görüş İKT LAB təlim kurslarına GS1 standartlarının da əlavə edilməsi məqsədini daşımışdır.
Tərəflər arasında, əsas məqsədi İKT-dən istifadə üzrə hazırlıqlarının və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi olan bu tədris mərkəzində biznes və sahibkarlıq subyektlərinin dünyada çox geniş tətbiq edilən və sürətlə inkişaf edib hədəfini genişləndirən GS1 standartları haqqında biliklərin də tətbiq edilməsi müzakirə edilmişdir. Mövzunun tədris planına salınması üçün təlim proqramı, təlim üçün lazım olan vəsaitlərin hazırlanması üçün addımlar ardıcıllığına başlanılmışdır.