03.06.2025 tarixində GS1 Azerbaijan İctimai Birliyinin əməkdaşları Gəncə Texnologiya Universitetinin rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı GS1 sisteminin mahiyyəti, qlobal standartlar və GS1 Azerbaijan-ın fəaliyyəti haqqında ətraflı məlumat verilib. GS1 sisteminin ali təhsil mühitinə inteqrasiyası, xüsusilə də tədris proqramlarına daxil edilməsi imkanları müzakirə edilib. Universitetin rektoru, e.n. Yaşar Ömərov bu təşəbbüsü maraqla qarşılayaraq, təklifə müsbət yanaşdıqlarını bildirib və proqramın tətbiqinə dair əməkdaşlıq prosesinin başlanmasına qərar verilib. Gəncə Texnologiya Universitetində ştrixkod üzrə sinif otağının yaradılması və onun GS1 Azerbaijan tərəfindən avadanlıq və tədris materialları ilə təmin olunması üzrə razılıq əldə edilib.
Həmin gün GS1 Azerbaijan mütəxəssisləri universitetin logistika bölməsinin tələbələri ilə görüş keçirərək onlara GS1 sisteminin tətbiq sahələri və ştrixkodlaşdırmanın əhəmiyyəti haqqında təqdimat ediblər. Tələbələrə “GS1 AZE Barcode” mobil tətbiqi əyani şəkildə nümayiş etdirilib və istifadəsi izah olunub.
GS1 Azerbaijan təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirməklə, gələcək mütəxəssislərin qlobal ticarət və logistika standartları sahəsində biliklərini artırmağı hədəfləyir.