Fəaliyyət strategiyasına uyğun olaraq 02.06.2025 tarixində GS1 Azerbaijan əməkdaşları Gəncə şəhərində yerləşən aparıcı istehsalat müəssisələrindən olan “Gəncə Şərab-2” ASC və “Gəncə Tekstil” ASC ilə görüşlər keçirib. Görüşlər çərçivəsində müəssisə nümayəndələrinə GS1 standartları, onların tətbiq sahələri və son yeniliklər barədə ətraflı məlumat təqdim olunub.
Tərəflər arasında məhsulun avtomatik identifikasiyası, izlənəbilənlik və beynəlxalq ticarətdə standartlaşdırmanın rolu mövzusunda müzakirələr aparılıb. Yeni nəsil ştrixkodlar, Avropa Şurasının tələblərinə əsaslanan etiketlənmə normaları barədə beynəlxalq təcrübəni bölüşmək üçün GS1 Azerbaijan tərəfindən Rumıniyanın “EU-Label” şirkətinin əməkdaşları ilə onlayn görüş təşkil edilib, xüsusilə alkoqollu içki sahəsində tətbiqinə başlanılan digital link əsaslı QR kodların yaradılması mexanizmi nümayiş etdirilib.
Eyni zamanda, müəssisələrin nümayəndələri istehsalat prosesi, mövcud etiketləmə və logistika sistemləri barədə GS1 Azerbaijan əməkdaşlarını ətraflı məlumatlandırıblar.
Bu cür qarşılıqlı məlumat mübadiləsi GS1 standartlarının yerli istehsalat sahəsində effektiv tətbiqinə töhfə verir və müəssisələrin rəqabət qabiliyyətini artırmaq üçün vacib mərhələdir.
GS1 Azerbaijan gələcəkdə də yerli istehsalçılarla əməkdaşlığını genişləndirərək onların beynəlxalq standartlara uyğun fəaliyyətinə dəstək verməyi hədəfləyir.