Bu gün Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi məsələsi həll olunur.
Bu məqsəd çərçivəsində həm yerli, həm də xarici istifadəçilər üçün vahid platformanın yaradılması, eləcə də müvafiq dövlət qurumlarının sistemlərinin bu platformaya inteqrasiyası planlaşdırılır. Məhz bu məqsədlər üçün Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkədə “Rəqəmsal Nəqliyyat və Logistika” Platformasının yaradılması layihəsi təsdiq edilib.
Bu üçillik layihə nəticəsində idxal-ixrac və tranzit əməliyyatlarının mümkün qədər çox vacib mərhələlərini əhatə edən platforma yaradılacaq. Platformanın məqsədi nəqliyyat və logistika sahəsində şəffaflığı təmin etmək, prosesləri sadələşdirmək, yük axınlarının "ağıllı" idarə edilməsini həyata keçirmək, daşınan yüklərin hərəkətini izləmək, yüklərin daşınma müddətlərini azaltmaq üçün müşayiət olunan proseslərin rəqəmsallaşdırılması, eləcə də nəqliyyat və logistika fəaliyyətinin iştirakçıları arasında tam rəqəmsal mühitin tətbiq edilməsi, onların informasiya sistemləri və resursları ilə inteqrasiyası, məlumat mübadiləsinin təmin edilməsidir. Bu proseslərdə beynəlxalq GS1 sisteminin izləmə standartları da mühüm rol oynaya bilər.
Bu baxımdan, 17 fevral 2025-ci il tarixində Azerbaijan Artificial Intelligence Lab mütəxəssisləri və GS1 Azerbaijan İctimai Birliyinin əməkdaşları arasında görüş təşkil olunub. Görüşdə əməkdaşlıq imkanları və mümkün inteqrasiyalar müzakirə edilib. Beləliklə, GS1 sisteminin GLN (Qlobal Yerləşmə Nömrəsi), SSCC (Nəqliyyat Bağlamasının Serial Kodu) və GTIN (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) kimi mühüm identifikatorlarının Rəqəmsal Nəqliyyat və Logistika Platformasına inteqrasiyası barədə ilkin razılıq əldə olunub. GS1 sisteminin identifikatorlarının Rəqəmsal Nəqliyyat və Logistika Platformasında istifadəsi beynəlxalq idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi zamanı hüquqi şəxslər və fərdi sahibkarlar üçün müraciətlərin emal prosesini sürətləndirəcək. Bu identifikatorların avtomatik tanınması və işlənməsi sənəd dövriyyəsi proseslərini sürətləndirəcək və insan resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq. Bundan əlavə, bu məlumatlara real vaxt rejimində çıxış imkanı müxtəlif nəqliyyat-logistika iştirakçıları – daşıyıcılar, yük göndərənlər, gömrük orqanları və digər müvafiq qurumlar arasında daha səmərəli və dəqiq məlumat mübadiləsinə töhfə verəcək. Proseslərin avtomatlaşdırılması və məlumatların vahid rəqəmsal mühitdə idarə olunması nəticəsində sənəd dövriyyəsinin optimallaşdırılması, logistika əməliyyatlarının çevikliyi və ümumi səmərəliliyin artırılması gözlənilir.
Görüş zamanı tərəflər GS1 standartlarının nəqliyyat və logistika sahəsində rəqəmsallaşmaya töhfə verə biləcəyi, beynəlxalq ticarət və logistika proseslərini sadələşdirəcəyi, eləcə də ölkənin nəqliyyat infrastrukturunun qlobal bazarlara daha sıx inteqrasiyasına şərait yaradacağı qənaətinə gəliblər.
Müzakirələrdə GS1 Azerbaijan İctimai Birliyinin İdarə Heyətinin sədri Vəfa Əliyev, Azerbaijan Artificial Intelligence Lab Layihə rəhbəri Ehtiram Quliyev və digər mütəxəssislər iştirak ediblər.
GS1 Azerbaijan İctimai Birliyinin əməkdaşları – Əmtəə Nömrələmə Depozitariyasının müdiri Gülanə Rəsulova və Layihələr üzrə rəhbər Həmidə Cəfərova milli standart kimi təsdiqlənməsi planlaşdırılan “Logistik Etiket Standartı” layihəsini təqdim ediblər.