2025-ci ilin noyabr–dekabr aylarında GS1 Azerbaijan əməkdaşları GS1 Digital Link rəqəmsal linklərinə həsr olunmuş müntəzəm onlayn seminarlar keçirmişlər. Tədbirlərdə “Kartaş LTD”, “Azərbaycan Kağız və Karton İstehsal Kombinatı” MMC, “Sun Tea Çay Fabriki” MMC, “Qax Mineral Su – İlham Firması” MMC, “Naxçıvan Şərab” MMC, “Ləzzət Group” MMC, “ALCO” MMC və digər iri şirkətlər daxil olmaqla təxminən 30 müəssisə iştirak etmişdir.
Seminarlar zamanı GS1 Azerbaijan mütəxəssisləri yerli istehsalçılara 2D-kodlardan istifadənin imkanları və üstünlükləri barədə ətraflı məlumat vermişdir. İştirakçılar öyrənmişlər ki, GS1 Digital Link texnologiyası məhsulun ştrixkodunu istehsalçının rəsmi saytına, məhsul haqqında məlumatlara, keyfiyyət sertifikatlarına, təlimatlara və marketinq materiallarına kimi rəqəmsal məzmunla əlaqələndirməyə imkan verir. Bu isə istehlakçıların real vaxt rejimində aktual və etibarlı məlumat əldə etməsini təmin edir.
Seminarlar çərçivəsində adi QR-kod ilə GS1 Digital Link arasındakı fərqlərə xüsusi diqqət yetirilmişdir. Standart QR-kod dəyişdirilə bilməyən sabit məlumat daşıdığı halda, GS1 Digital Link məhsulun qablaşdırmasını dəyişmədən məlumatların yenilənməsinə imkan yaradır. Bu da istehsalçılar üçün prosesləri sadələşdirir və xərclərin azaldılmasına şərait yaradır.
İştirakçılar arasında GS1 Azerbaijan tərəfindən təqdim olunan rəqəmsal linklərin yaradılması üzrə yeni xidmətin nümayişi böyük maraq doğurmuşdur. Seminarlar zamanı şirkət nümayəndələri onları maraqlandıran suallara cavab almış və yeni xidmətin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparmışlar.
Seminarda necə iştirak etmək olar?
Seminarda iştirak etmək üçün “İştirak üçün müraciət” forması doldurularaq “GS1 Rəqəmsal Link seminarına müraciət” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Qeydiyyatdan keçmiş iştirakçılara keçid linki və əlavə məlumatlar elektron poçt vasitəsilə göndəriləcəkdir.