16.07.2025-ci il tarixində GS1 Azerbaijan ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında informasiya mübadiləsi və rəqəmsal əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər İctimai Birliyin informasiya ehtiyatlarında yer alan məlumatların onlayn şəkildə azexport.az portalında məhsul məlumatlarında GTIN-lərin (Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) yer alması məqsədilə Mərkəzə ötürülməsi üçün zəruri texniki imkanların yaradılması və məlumat mübadiləsinin təhlükəsiz şəkildə təşkili üzrə öhdəlik götürürlər.
Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb və Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir.
Sənədə əsasən:
- Məlumatlar yalnız tərəflərin səlahiyyətləri çərçivəsində istifadə olunacaq;
- Elektron məlumat mübadiləsi zamanı konfidensiallıq qorunacaq və üçüncü şəxslərə ötürülməyəcək.
Bu əməkdaşlıq ölkədə rəqəmsallaşma prosesinin dəstəklənməsi, resursların daha şəffaf və səmərəli şəkildə idarə olunması istiqamətində atılmış önəmli addımlardan biridir.