24 oktyabr 2024-cü il tarixində "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin (“GS1 Azerbaijan”) idarə heyətinin sədri Vəfa Əliyev, icraçı direktoru Səbinə Əliyeva, Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulova ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı arasında əməkdaşlıq görüşü baş tutmuşdur.
Görüşdə dünya təcrübəsində yerli və idxal olunan məhsullara tətbiq edilən Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin (GTIN) yaratdığı imkanlar, səmərə və üstünlükləri, bu sistemin tətbiqi ilə formalaşan böyük məlumat bazalarının təqdim etdiyi imkanlar və üstünlükləri, iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində əhəmiyyəti və yerli qanunvericilikdə tətbiqi məsələləri müzakirə olunub.
Həmçinin GTIN nömrələrindən istifadə etməklə BIGDATA (böyük məlumat bazası) yaradılması və bu bazadan iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində istifadə, "Made in Azerbaijan" brendinin təşviqi və yerli istehsalçılara dəstək üçün xidmətlərin yaradılması, ticarət şəbəkələrinin avtomatlaşdırılmış sistemlərində yerli malların ştrixkod məlumat bazasından istifadə məsələsi, Azərbaycan bazarında (həm yerli, həm idxal) məhsulların izlənməsi üçün Milli Kataloqun yaradılması müzakirə edilib.
İclasda məhsulların milli kataloqunun yaradılması məqsədilə Azərbaycan Respublikasının bəzi normativ-hüquqi aktlarına dəyişikliklər edilməsi ilə bağlı təkliflərin hazırlanması məqsədilə GS1 Azərbaycan və İITKM-nin əməkdaşları arasında birgə işçi qrupun yaradılması barədə razılıq əldə olunub.