02 oktyabr 2025-ci il tarixində GS1 Azerbaijan İctimai Birliyi yeni üzvləri üçün növbəti seminar təşkil edib. Tədbirdə “Fito Club” MMC, “Scandens Pharmaceutical Industries LTD” MMC, “Aras Textile” MMC, “Le Best” MMC, “Best-Tarım” ASC, “Tesla Home” MMC və 20-dən artıq digər yerli şirkətlərin nümayəndələri, həmçinin uzun müddətdir Birliyin üzvü olan “Savalan-Aspi Winery” MMC, “Şirvan Şərabları” MMC, “Herba Flora” MMC, “Çarçıoğlu Group” MMC nümayəndələri iştirak edib.
GS1 Azerbaijan İctimai Birliyinin İdarə Heyətinin sədri Vəfa Əliyev seminar iştirakçılarını salamlayıb. Daha sonra Əmtəə Nömrələmə Depozitariyasının müdiri G. Rəsulova GS1 sisteminin mahiyyəti, barkodların gündəlik həyatda rolu, GTIN nömrələrinin verilməsi qaydaları, bu nömrələrin formalaşdırılma prinsipləri, məhsul qablaşdırmasında tətbiqi, standart ölçüləri və barkod texnologiyasından istifadənin digər mühüm aspektləri barədə ətraflı məlumat verib.
Depozitariyanın mütəxəssisi S. Rəhimova isə hər bir yeni istifadəçiyə təqdim olunan şəxsi kabinetin funksionallığı, yeni GTIN nömrələrinin alınması və qeydiyyatı prosesləri barədə təqdimatla çıxış edib.
Avtomatik identifikasiya üzrə baş mütəxəssis F. Abasov yenilənmiş “GS1 Aze Barcode” mobil tətbiqi haqqında məlumat verib. Qeyd olunub ki, bu tətbiq artıq yalnız 1D kodları deyil, 2D kodları (QR-kodlar, DataMatrix) da oxuya bilir.
İcraçı direktor S. Əliyeva seminar iştirakçılarına GS1 sistemindəki yenilik — Digital Link texnologiyası barədə məlumatlandırıb. O qeyd edib ki, bu texnologiya yalnız barkod deyil, eyni zamanda istehlakçıya məhsul haqqında rəqəmsal mühitdə ətraflı məlumat əldə etməyə imkan verən unikal rəqəmsal vasitədir.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi də iştirak edib.
Seminarın sonunda iştirakçıların mövzu üzrə biliklərini qiymətləndirmək üçün qısa test-sorğu keçirilib.
Sonda yeni üzvlərə GS1 sistemində qeydiyyat şəhadətnamələri, metodik materiallar və yaddaş vərəqələri təqdim olunub, xatirə şəkilləri çəkilib.



