20.10.2025 – ci il tarixində GS1 Azerbaijan İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasın əsas mövzularından biri GS1 sisteminin 2030-cu ilədək qlobal hədəfləri və bu istiqamətdə GS1 Azerbaijan tərəfindən görüləcək işlər haqqında olub.
Birliyin İdarə Heyətinin sədri bildirib ki, GS1 sistemi 1D kodlardan QR kodlara keçid (2D kodlar), təchizat zəncirində şəffaflıq və izlənəbilərlik, rəqəmsal ticarət üçün uyğunlaşma, dayanıqlılıq və ekoloji şəffaflıq, səhiyyədə izləmə və təhlükəsizlik kimi məsələləri qarşısına hədəf qoyub. Qeyd edilib ki, GS1 strategiyasına əsasən xüsusi perspektiv daşıyan 7 istiqamət - gündəlik məhsullar, davamlı məhsullar, ticarət şəbəkələri, səhiyyə, kənd təsərrüfatı, tikinti, dəmir yolu sahəsi sahəsində qarşıdakı illərdə rəqəmsallaşma, məhsul izlənəbilənliyi və məlumatların sinxronizasiyası sahəsində GS1 standartlarının tətbiqi daha da genişləndiriləcək.
İclasda həmçinin GS1 Azerbaijan Məlumat bazasının ticarət şəbəkələri ilə sinxronizasiyası, məhsul məlumatlarının dəqiqliyinin və əlçatanlığının artırılması, beynəlxalq GS1 identifikatorlarının (GTIN, GLN və s.) ticarət şəbəkələrində istifadəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Yeni təqdim olunan GS1 Digital Link servisi də iclasın gündəliyində yer alıb. Bildirilib ki, bu texnologiya məhsul üzərində yerləşdirilən bir QR və ya DataMatrix kodu vasitəsilə istifadəçini məhsula dair bütün rəqəmsal məlumatlara yönləndirməyə imkan verir. Digital Link texnologiyası həm ticarət, həm də istehlakçı tərəfdə şəffaflıq və funksionallıq baxımından əhəmiyyətli yeniliklər vəd edir.
İclasda xüsusi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində qida məhsullarının sertifikatlaşdırılmasının Digital Link əsasında rəqəmsallaşdırılması və bu məqsədlə texniki və institusional əlaqələrin yaradılması imkanları müzakirə edilib.
İclasın yekununda qeyd olunub ki, GS1 Azerbaijan qarşıdakı illərdə texnoloji yenilikləri təşviq etməklə yanaşı, milli iqtisadiyyatın rəqəmsal ticarət infrastrukturuna inteqrasiya prosesini dəstəkləməkdə qərarlıdır.