GS1 Azerbaijan

Ştrixli kodların tipləri

Hal-hazırda ştrixli kodların 300-dən çox tipi mövcuddur. Müxtəlif tiplərdə müxtəlif kodlaşdırma alqoritmləri istifadə olunur. Hər alqoritmin məlumatın minimal və maksimal həcmi, ştrixkodun ölçüsünə məhdudiyyəti və s. kimi xüsusiyyətləri var. Ştrixkodların müxtəlif tipləri öz üstünlüklərinə və çatışmazlıqlarına malikdirlər və konkret tətbiq sahəsi nəzərə alınmaqla hazırlanıblar.

Ştrixli kodların tipləri

Əmtəə kodları

Əmtəə kodları istehsalçıların və onların istehsal etdiyi məhsulların unikal identifikasiyası, daşınma zamanı məhsulların uçotu, anbar və ticarət proseslərinin idarə edilməsi üçün xüsusi olaraq yaradılmışdır. Məhsulun identifikasiyası məhsulun istehsalından alıcıya satışına qədər keçdiyi yolu izləməyə imkan verir. 

EAN-13 kodu

EAN-13 - rəqəmli məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 13 rəqəmli ştrixkoddur. Adətən, EAN-13 kodu əmtəələrin və xidmətlərin identifikasiyası üçün istifadə olunur.

ITF-14 kodu

Məhsulların təchizatında ticarət vahidi kimi eyni məhsulların standart miqdarından ibarət qablaşması olur. Adətən, bu cür qablaşdırmaya müstəqil ticarət vahidi kimi ayrıca əmtəə nömrəsi (GTIN) verilir. Eyni məhsulun qrup identifikasiyası üçün ITF-14 (Interleaved 2 of 5) simvolikasından istifadə edərək, nəqliyyat qablaşmasına vurulan ITF-14 kodunun GTIN strukturları istifadə edilə bilər. ITF-14 simvolikası satış kassasından keçirilməyən məhsullara vurulur. Çox vaxt bunlar standart miqdarda eyni məhsulların qrup qablaşdırmasıdır – qutular, bağlamalar, altlıqlar və s. ITF-14 kodu düzbucaq çərçivədə olur. Bu çərçivə kənar nişanların arzuolunmaz müdaxiləsindən qorunmağa zəmanət verir.

EAN-8 kodu

EAN-8 rəqəmli məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 8 rəqəmli ştrixkoddur. EAN-8 kodu EAN-13 kodunun ixtisar olunmuş variantıdır. Üzərində EAN-13 ştrixkodunun yerləşdirilməsi mümkün olmayan kiçik məhsullar üçün istifadə edilir.

GS1-128 kodu

EAN-13-dən fərqli olaraq GS1-128 kodunda yalnız kodlaşdırma dili unikaldır. GS1-128-in qurulması üçün CODE-128 əlifbasından istifadə olunur. Yəni kimsə "CODE-128" deyirsə, o, əlifbanı nəzərdə tutur (hansı rəqəmlər və hərflər hansı ştrixlərlə qeyd olunur).

Əgər kimsə "GS1-128" deyirsə, o zaman CODE-128 kodlaşdırmasına əsaslanan konkret məhsul və ya yük üçün kodlaşdırma sistemi nəzərdə tutulur. EAN-128-də 128 rəqəmi o demək deyil ki, onun ardıcıl 128 rəqəmi olmalıdır. 128 rəqəmi GS1-128-ə CODE-128-dən daxil edilmişdir, CODE-128-də isə həmin əlifbanın göstərə biləcəyi simvolların miqdarını bildirir, yəni ASCII (American Standard Code for Information Interchange, ing.) standartının bütün 128 simvolunu ifadə edir.

 

UPC-A və UPC-E kodları

UPC-A və UPC-E kodları EAN-13 və EAN-8 kodları ilə analoji kodlardır. Bu kodlar 1973-cü ildə ABŞ və Kanadada pərakəndə satış üçün tərtib olunmuşdur. UPC-A (Universal Product Code-A, ing.) və UPC-E (Universal Product Code-E, ing.) rəqəmli məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 12 və 8 rəqəmli ştrixkodlardır.

 

GS1 DataBar kodları

GS1 DataBar kodları (əvvəlki adı – Reduced Space Symbology və ya RSS, ing.) xətti ştrixkodların yeni ailəsidir. Onlar hazırda geniş yayılmış EAN kodları ilə müqayisədə nisbətən kiçik ştrixkod ölçüləri ilə xarakterizə olunur və onlara əlavə olaraq nəzərdə tutulur. GS1 DataBar simvolikası kiçik məhsul ölçülərini müəyyən edə bilən və mövcud EAN/UPC kodlarından daha çox məlumat ehtiva edən ştrixkodlar toplusudur. GS1 DataBar kodları sizə təzə meyvə və tərəvəzlər, zərgərlik əşyaları, əczaçılıq preparatları və s. kimi etiketlənməsi çətin olan əşyaları identifikasiya etməyə imkan verir. Bu kodların İstifadə İdentifikatorları ilə birlikdə istifadəsi məhsulların autentifikasiya problemlərini həll etməyə, onların təchizat zəncirində hərəkətini izləməyə, seriya nömrələrini, lot nömrələrini, istifadə müddətini və s. qeyd etməyə imkan yaradır.

GS1 DataBar-14 kodu

GS1 DataBar-14 kodu – 14 rəqəmli GTIN qlobal əmtəə nömrəsinin kodlaşdırılması üçün təyin edilmiş kompakt xətti simvolikadır. Bəzi hallarda onu əlavə məlumat daşıyan ikiölçülü komponentlə birlikdə istifadə edirlər.

Kompozit simvolikalar

Kompozit simvolikalarda (Composite Symbologies, ing.) iki kod bir-birindən müəyyən məsafədə yerləşir və qarşılıqlı əlaqəli informasiyanı daşıyır. Adətən, kodlardan biri xətti, digəri isə çoxsıralı və ya matrisalıdır. Kompozit simvolikalar kodlaşdırılan obyekt haqqında müxtəlif böyük tutumlu informasiyanın kiçik həcmli yerdə yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

GS1 DataMatrix kodu

DataMatrix kodu hərfi-rəqəm məlumatlarının kodlaşdırılması üçün istifadə olunan uzunluğu dəyişən ikiölçülü ştrixkoddur.Bu formatın köməyi ilə kiçik sahədə birölçülü ştrixkodlarla müqayisədə daha çox məlumat kodlaşdırmaq mümkündür. DataMatrix kodunun alqoritmi səhvlərin aşkar edilməsinə və düzəldilməsinə imkan verir. DataMatrix kodu apteklərdə, elektron komponentlərin, baqaj etiketlərinin, şəxsiyyət vəsiqələrinin və digər məhsulların markalanmasında geniş istifadə olunur.

GS1 QR kodu

QR kodu (Quick Response, ing. – “Sürətli cavab”) ikiölçülü matriks koddur. QR kodunun köməyi ilə istənilən məlumatı qrafik təsvir şəklində kodlaşdırmaq mümkündür. Məsələn, mətn, telefon nömrəsi, vizit kartı, veb-səhifənin ünvanı və s. QR kodunun əsas üstünlüklərindən biri onun skaner və ya mobil telefonun kamerası vasitəsilə sürətlə oxunmasıdır. Bu xüsusiyyət QR kodundan logistika, ticarət, istehsalat və digər sahələrdə geniş istifadə olunmasına imkan verir. QR kodu 1994-cü ildə Yaponiyada yaradılmışdır.

Texnoloji kodlar

Texnoloji kodlar adətən müəssisədaxili istifadə olunur. Texnoloji ştrixkodlar istehsal prosesi zamanı məhsulun və ya onun hissələrinin müvəqqəti markalanması üçün tətbiq edilir. Bu kodlar məhsulun izlənməsi, uçotunun aparılması, məlumatların avtomatlaşdırılmış şəkildə toplanması və digər istehsal proseslərinin idarə olunması üçün istifadə edilir. Texnoloji kodlar məhsulların, qablaşdırmaların, komponentlərin və digər obyektlərin seriya nömrələrini ifadə edə bilər.

CODE 39 kodu

CODE 39 uzunluğu dəyişən diskret ştrixkod formatıdır və 43 simvolun kodlaşdırılmasına imkan verir.Bu, ən geniş istifadə olunan ştrixkod formatlarından biridir. CODE 39 rəqəmləri, böyük və kiçik hərfləri, həmçinin bir sıra xüsusi simvolları kodlaşdıra bilir. Məsələn: 1234567890ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ - . $ / + % *

* simvolu yalnız başlanğıc və son (Start/Stop) simvolu kimi istifadə olunur.

CODE 39 formatının geniş yayılmasının əsas səbəbləri onun istifadəsinin sadəliyi, hərfləri və rəqəmləri eyni vaxtda kodlaşdırmaq imkanı, dəyişən uzunluğa malik olması (istənilən sayda simvoldan ibarət kod yaratmaq mümkündür) və demək olar ki, bütün ştrixkod skanerləri tərəfindən oxuna bilməsidir. CODE 39 avtomobil istehsalçılarının əksəriyyəti tərəfindən avtomobil modellərinin və onların komponentlərinin markalanmasında geniş istifadə olunur.

PDF417 kodu

PDF417 (Portable Data File) hərfi-rəqəmli məlumatların kodlaşdırılması üçün istifadə olunan uzunluğu dəyişən ikiölçülü ştrixkoddur. Hər bir simvol 4 ştrix və 4 boşluqdan istifadə edilməklə, ümumilikdə 17 modul əsasında kodlaşdırılır. Məhz buna görə bu format «PDF417» adını almışdır. PDF417 yüksək məlumat tutumuna malikdir və müxtəlif sahələrdə istifadə olunan böyük həcmdə məlumatın kodlaşdırılmasına imkan verir. Bu ştrixkod baqaj etiketlərində, məhsulların və avadanlıqların müxtəlif hissələrinin qablaşdırılmasının markalanmasında, şəxsiyyət vəsiqələrində və digər sahələrdə geniş istifadə olunur.