Hal-hazırda ştrixli kodların 300-dən çox tipi mövcuddur. Müxtəlif tiplərdə müxtəlif kodlaşdırma
alqoritmləri istifadə olunur. Hər alqoritmin məlumatın minimal və maksimal həcmi, ştrixkodun ölçüsünə məhdudiyyəti və s. kimi xüsusiyyətləri var. Ştrixkodların müxtəlif tipləri öz üstünlüklərinə və çatışmazlıqlarına malikdirlər və konkret tətbiq sahəsi nəzərə alınmaqla hazırlanıblar.
Ştrixli kodların tipləri
Əmtəə kodları
Əmtəə kodları istehsalçıların və onların istehsal etdiyi məhsulların unikal identifikasiyası, daşınma zamanı məhsulların uçotu, anbar və ticarət proseslərinin idarə edilməsi üçün xüsusi olaraq yaradılmışdır. Məhsulun identifikasiyası məhsulun istehsalından alıcıya satışına qədər keçdiyi yolu izləməyə imkan verir.
EAN-13 kodu
EAN-13 - rəqəmli məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 13 rəqəmli ştrixkoddur.
Adətən, EAN-13 kodu əmtəələrin və xidmətlərin identifikasiyası üçün istifadə olunur.
ITF-14 kodu
Məhsulların təchizatında ticarət vahidi kimi eyni məhsulların standart miqdarından ibarət qablaşması olur. Adətən,
bu cür qablaşdırmaya, müstəqil ticarət vahidi kimi ayrıca əmtəə nömrəsi (GTIN) verilir. Eyni məhsulun qrup identifikasiyası
üçün ITF-14 (Interleaved 2 of 5) simvolikasından istifadə edərək, nəqliyyat qablaşmasına vurulan ITF-14 kodunun GTIN strukturları istifadə edilə bilər.
ITF-14 simvolikası satış kassasından keçirilməyən məhsullara vurulur. Çox vaxt bunlar standart miqdarda eyni məhsulların qrup qablaşdırmasıdır - qutular, bağlamalar, altlıqlar və s. ITF-14 kodu düzbucaq çərçivədə olur. Bu çərçivə kənar nişanların arzuolunmaz müdaxiləsindən qorunmağa zəmanət verir.
EAN-8 kodu
EAN-8 - rəqəmli məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 8 rəqəmli ştrixkoddur. EAN-8 kodu EAN-13 kodunun ixtisar olunmuş variantıdır. Üzərində EAN-13 ştrixkodunun yerləşdirilməsi mümkün olmayan kiçik məhsullar üçün istifadə edilir.
Bu nömrələrdə müəssisənin qeydiyyat nömrəsi olmadığından, hər bir ölkə üçün ayrılan belə nömrələrin sayı çox məhduddur və onlar yalnız əsaslandırılmış hallarda təyin edilir. EAN-8 kodu 13 rəqəmdən yox, 8 rəqəmdən ibarət olduğu üçün EAN-8 ştrixkod simvolunun ölçüləri də EAN-13 kodundan kiçikdir.
GS1-128 kodu
EAN-13-dən fərqli olaraq GS1-128 kodunda yalnız kodlaşdırma dili unikaldır. GS1-128-in qurulması üçün CODE-128
əlifbasından istifadə olunur. Yəni kimsə "CODE-128" deyirsə, o, əlifbanı nəzərdə tutur (hansı rəqəmlər və hərflər hansı ştrixlərlə qeyd olunur).
Əgər kimsə "GS1-128" deyirsə, o zaman CODE-128 kodlaşdırmasına əsaslanan konkret məhsul və ya yük üçün kodlaşdırma sistemi nəzərdə tutulur. EAN-128-də 128 rəqəmi o demək deyil ki, onun ardıcıl 128 rəqəmi olmalıdır. 128 rəqəmi GS1-128-ə CODE-128-dən daxil edilmişdir, CODE-128-də isə həmin əlifbanın göstərə biləcəyi simvollarının miqdarını bildirir, yəni ASCII (American Standart Code for Information Interchange, ing.) standartının bütün 128 simvolunu ifadə edir.
UPC-A və UPC-E kodları
UPC-A və UPC-E kodları EAN-13 və EAN-8 kodları ilə analoji kodlardır. Bu kodlar 1973-cü ildə ABŞ və Kanadada pərakəndə
satış üçün tərtib olunmuşdurlar. UPC-A (Universal Product Code-A, ing) və UPC-E (Universal Product Code-E, ing) rəqəmli
məlumatların kodlaşdırılması üçün sabit uzunluqlu 12 və 8 rəqəmli ştrixkodlardır.
GS1 DataBar kodları
GS1 Databar kodları (əvvəlki adı - Reduced Space Symbology və ya RSS, ing.) xətti ştrixkodların yeni ailəsidir. Onlar hazırda geniş yayılmış EAN kodları ilə müqayisədə nisbətən kiçik ştrixkod ölçüləri ilə xarakterizə olunur və onlara əlavə olaraq nəzərdə tutulur. GS1 Databar simvolikası - kiçik məhsul ölçülərini müəyyən edə bilən və mövcud EAN/UPC kodlarından daha çox məlumat ehtiva edən ştrixli kodlar toplusudur. GS1 DataBar kodları sizə təzə meyvə və tərəvəzlər, zərgərlik əşyaları, əczaçılıq preparatları və s. kimi etiketlənməsi çətin olan əşyaları identifikasiya etməyə imkan verir. Bu kodların İstifadə İdentifikatorları ilə birlikdə istifadəsi məhsulların autentifikasiya problemlərini həll etməyə, onların təchizat zəncirində hərəkətini izləməyə, seriya nömrələrini, lot nömrələrini, istifadə müddətini və s. qeyd etməyə imkan yaradır.
GS1 DataBar-14 kodu
GS1 DataBar-14 kodu – 14 rəqəmli GTIN qlobal əmtəə nömrəsinin kodlaşdırılması üçün təyin edilmiş kompakt xətti simvolikadır. Bəzi hallarda onu əlavə məlumat daşıyan ikiölçülü komponentlə birlikdə istifadə edirlər.
Kompozit simvolikalar
Kompozit simvolikalarda (Composite Simbologies, ing.) iki kod bir-birindən müəyyən məsafədə yerləşir və qarşılıqlı əlaqəli
informasiyanı daşıyır. Adətən, kodlardan biri xətti, digəri isə çoxsıralı, və ya matrisalıdır. Kompozit simvolikalar kodlaşdırılan
obyekt haqqındakı müxtəlif böyük tutumlu informasiyanın kiçik həcmli yerdə yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur.
GS1 DataMatrix kodu
DataMatrix kodu - hərfi-rəqəm informasiyasının kodlaşdırması üçün istifadə olunan uzunluğu dəyişən ikiölçülü ştrixkoddur.
Bu formatın köməyi ilə kiçik sahədə birölçülü ştrixkodlara nisbətən daha çox məlumatı kodlaşdırmaq olur. DataMatrix kodunun
alqoritmi səhvlərin aşkar olunmasına və düzəldilməsinə imkan verir. Apteklərdə, elektron komponentlərin, baqaj etiketlərinin,
şəxsiyyət vəsiqələrinin və s. markalanmasında geniş istifadə olunur.
GS1 QR kodu
QR kodu (Quick Response, ing.) ikiölçülü matriks kodudur. QR kodun köməyi ilə hər bir informasiyanı qrafik şəkil formasında
təsvir eləmək olar, məsələn: mətni, telefon nömrəsini, vizit kartı, yaxud veb səhifənin ünvanını və s. QR kodun əsas üstünlüklərindən
biri - skaner ilə (mobil telefon kamerası daxil olmaqla) tez oxunmasıdır, bu isə onun logistikada, ticarətdə, istehsalatda istifadə olunmasına imkan verir. QR-kod 1994-cü ildə Yaponiyada yaradılmışdır.
Texnoloji kodlar
Texnoloji kodlar adətən müəssisənin daxilində tətbiq olunur. Texnoloji ştrixli kodlar istehsal prosesi zamanı məhsulun və ya onun hissələrinin müvəqqəti markalanması üçün istifadə olunur. Onlar məhsulun izlənməsi və ya uçotu, avtomatlaşdırılmış məlumatların toplanması və s. üçün lazımdır. Bu kodlar məhsulların, qablaşdırmanın, komponentlərin və s. seriya nömrələri ola bilər.
CODE 39 kodu
CODE 39 kodunun formatı - uzunluğu dəyişən diskret koddur və 43 simvolu göstərməyə imkan verir. Bu, ən çox istifadə olunan ştrixkod formatıdır, ona görə ki, o, rəqəmləri, böyük və kiçik hərfləri və həmçinin bir neçə durğu işarəsini kodlaşdırmağa imkan verir. Misal üçün:
1234567890ABCDEFGHICKLMNOPQ RSTU VWXYZ - . $ / + %. *. * simvolu yalnız Start/Stop nişanı kimi istifadə olunur.
CODE 39 kodunun formatının geniş yayılması bir neçə faktorla əsaslanır: istifadə rahatlığı, hərfləri və rəqəmləri eyni vaxtda kodlaşdırmaq
imkanı, dəyişən uzunluq (istənilən sayda simvoldan kod qurula bilər), hər hansı skanerlə oxunma imkanı. CODE 39 kodu
əksər avtomobil istehsalçıları tərəfindən avtomobil modeli və onun komponentləri üçün markalanma kodu kimi geniş istifadə olunur.
PDF417 kodu
PDF417 kodu (Portable Data File, ing.) - hərfi-rəqəmli məlumatların kodlaşdırılması üçün uzunluğu dəyişən ikiölçülü
ştrixkoddur. Hər bir işarə 4 ştrix və 4 boşluq daxil olmaqla, cəmi 17 moduldan istifadə etməklə kodlaşdırılıb, və nəticədə "PDF417" adı yaranıb.
Yüksək məlumat tutumu ümumi istifadə üçün lazım olan bütün məlumatları kodlaşdırmağa imkan verir: baqajdakı etiketlər, məhsulların, avadanlıqların müxtəlif hissələrinin qablaşdırmasının etiketlənməsi, şəxsiyyət vəsiqələri və s.